03.02.2014

Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!

Məlum olduğu kimi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli 683 nömrəli Fərmanının 2-ci bəndinə əsasən bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
Vergilər Nazirliyinin 27.12.2013-cü il tarixli əmri ilə “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait” və “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait” təsdiq edilmişdir.
Bu Metodiki Vəsaitlərə əsasən artıq yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması və ödənilməsi elektron qaydada həyata keçiriləcəkdir.

 
20.06.2013

Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!

Vergilər Nazirliyinin nəzdində müasir tipli Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə Asan SXM, Mobil-İD Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“Asan İmza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır.
Asan İmza (Mobil İmza) xidməti - elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza SİM kartlarını mobil operatorların (hələlik yalnız Azercell) müştəri xidmətlərindən və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzlərindəki mobil operator nümayəndəsindən əldə etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Mərkəzlərində, Ərazi Vergi İdarələrinin xidmət bölmələrində və ya ASAN xidmət mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsindən müqavilə bağlayaraq elektron imza üçün təkmil sertifikat almaqla Asan imza xidmətini aktivləşdirmək olar. ASXM-in istismara verilməsi, İnternet Vergi İdarəsində aşağıdakı dəyişikliklərin həyata keçirilməsinə imkan vermişdir:

  • İstifadəçi səlahiyyətlərinin idarə edilməsi sistemi yaradılmışdır (bu sistem, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsinə imkan verir);   
  • Hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı; POS terminalların qeydiyyatı; elektron vergi-hesab fakturalarının göndərilməsi; ƏDV-nin Depozit hesabı və s. xidmətlərdə Asan İmzanın tətbiqi həyata keçirilmişdir.

İstifadəçi kodu, Parol və Şifrə vasitəsilə sistemə daxil olmaq, müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermədiyindən və istifadəsi zamanı problemlər yarandığından, ƏDV-nin depozit hesabı, Elektron vergi hesab-fakturaları kimi təhlükəsizlik tələb edən xidmətlərin istifadəsi yaxın zamanlarda yalnız Asan İmza vasitəsilə mümkün olacaqdır! Ətraflı məlumatı www.asanimza.az saytından və İnternet Vergi İdarəsinin Yardım bölməsindən əldə edə bilərsiniz.